Havanın temperaturu 21 dərəcəyə yüksələcək

06 Fevral 2020 - 13:54

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb  küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz  14-18, Bakıda  gecə 6-8, gündüz  16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı, 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 

Fevralın 07-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.