Heydər Əliyev SSRİ-nin dağılmasında kimi günahkar sayıb? –  “Məsləhət etsəydilər deyərdim imzalayın” (VİDEO)

SSRİ-nin süqutunun 30-cu ildönümü ilə bağlı “STV”-nin  təqdim etdiyi “History Lab”-ın “SSRİ-nin süqutu-30 il. Tarix simalarda” layihəsi çərçivəsində mərhum prezident Heydər Əliyevlə 20 il əvvəl götürülmüş müsahibəni yayımlayıb.

Azpost.info bildirir ki, sənədli telelayihə Sovet İttifaqının tanınmış dövlət xadimləri ilə silsilə müsahibələr hazırlayaraq sovet dövlətinin süqutunun səbəblərini araşdırıb.

Mərhum Heydər Əliyev müsahibədə Sovet İttifaqının süqutuna gətirən səbəblərdən danışıb, sovet rəhbərliyinin səhvlərini xatırladıb.

Xatırladaq ki, Heydər Əliyev 1969-82-ci illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi postunda çalışıb. Daha sonra Moskvaya yüksək dövlət vəzifəsinə irəli çəkilib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olub.

“SSRİ-nin dağılması təsadüfi hadisə deyildi. SSRİ bütün bu illər ərzində bu süquta doğru gedirdi. Dağılması isə qanunauyğun yekun idi”-deyə H.Əliyev müsahibədə bildirir.

“SSRİ niyə dağıldı?” sualını cavablandıran mərhum prezident deyir ki, bu proses qarşısı alınmaz idi: “Bu SSRİ-də və dünyada baş verən ictimai-siyasi proseslərin nəticəsi idi. Mən Moskvada işləmişəm, Siyasi Büronun üzvü olmuşam. O zamandan artıq hiss olunurdu ki, bu quruluşun perspektivi yoxdur”.

Heydər Əliyevin sözlərinə görə, SSRİ qapalı ölkə olduğu zaman xalqın bir təsəvvürü vardı: “Sovet quruluşu elə qapalı sistem üçün nəzərdə tutulmuşdu. Sonra ölkə yavaş-yavaş açıldıqca sovet ölkəsi ilə digər ölkələr arasında həyat səviyyəsi arasında fərq hiss olunmağa başladı. Bu fərq ildırımsürəti ilə olmasa da tədricən insanlara təsir etməyə başladı”.

H.Əliyev bildirib ki, daha sonra Mixail Qorbaçov özünün nə etmək istədiyi bilinməyən siyasətini yürütməyə başlayanda bu proses sürətləndi: “Mən hesab etmirəm ki, Qorbaçov SSRİ-nin dağılmasını istəyirdi. O, SSRİ-nin modernləşdirmək istəyirdi. Bunun nə olduğunu bilmədən…Modernləşdirmək olarmı, olmazmı? Tarixdən bizə məlumdur ki, SSRİ 1922-ci ildə elə də asan yaranmamışdı. Bolşevik inqilabı, kommunizm ideologiyası, insanların buna inamı…Hesab olunurdu ki, sosializm çar rejimindən daha yaxşı olacaq. Hətta o zaman belə SSRİ-ni qurmaq üçün 2 il vaxt sərf edildi.

SSRİ ona görə mövcud idi ki, rejim onun mövcudluğunu təmin edirdi. Daha sonra Stalin hibrid rejim yaratdı…Hibrid isə çox yaşamır”.

Mərhum prezident qeyd edib ki, Qorbaçov xarici, daxili, milli siyasətdə çox ciddi səhvlərə yol verdi: “Mən onun milli siyasəti ilə razı deyildim. Əgər 15 respublika Sovet İttifaqını yaradırsa bunun əsasında sağlam milli siyasət dururdu. Məhz bunun əsasında SSRİ mövcud idi”.

H.Əliyev vurğulayıb ki, M.Qorbaçov bu və digər respublikara qarşı səhv siyasət yürütməyə başladı: “Xüsusən Azərbaycana qarşı dəhşətli səhv buraxdı. Mən SSRİ tarixində xatırlamıram ki, 20 yanvar 1990-cı ildə baş vermiş qanlı hadisə kimi hadisə olsun. Çox nəhəng hərbi kontingent mitinqləri dağıtmaq üçün Bakıya yeridildi. Bundan axmaq qərar təsəvvür etmək olmazdı. Bütün hərbi rəhbərliyi bura göndərmək…Müharibə başlanmışdı? Burada nə olmuşdu ki? Xüsusi heç nə! Bu faciə idi. Ona görə Azərbaycan xalqı heç vaxt Qorbaçovu bağışlamayacaq”.

H.Əliyev qeyd edib ki, bu subyektiv faktorlar öz rolunu oynadı və ola bilsin SSRİ-nin suqutunu sürətləndirdi. “Amma bu da həlledici deyildi. Əsas o idi ki, dövlətin başında duran adam nə etdiyini bilmirdi”.

“Siz Belovejsk sazişi ilə razı idiniz?” sualına Heydər Əliyev “mənimlə məsləhət etsəydilər deyərdim ki imzalayın” cavabını verib.Mərhum prezident “SSRİ dağılma xəbərini alarkən hansı hissləri keçirdiniz?” sualına “xoş hisslər keçirdim” cavabını verib.

Daha sonra o, SSRİ-nin mirası olan Dağlıq Qarabağ münaqişəsindən, Rusiya-Azərbaycan münasibətlərindən söz açıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yazıçılar Birliyinin qurultayı oktyabrda Şuşada keçiriləcək

Sonrakı məqalə

Azərbaycanlı aktyor İdrak Mirzəlizadə Rusiyada ‘ömürlük arzuolunmaz’ şəxs elan edilib