Hindistanın Koçi şəhəri yaxınlığında dizel yanacağı və mazutla dolu konteyner gəmisi batıb. AzPost xəbər verir ki, gəmidə həmçinin təhlükəli maddələr daşıyan konteynerlər də olub və bu, ciddi ekoloji fəsadlara səbəb ola bilər.
Hindistan Sahil Mühafizəsi bildirir ki, gəminin göyərtəsində ümumilikdə 640 konteyner olub. Onlardan 13-ü potensial təhlükəli maddə, 12-si isə kalsium karbidlə dolu olub. Bu maddələrin dənizə sızması halında ətraf mühitin zəhərlənməsi riski yaranıb.
İlkin araşdırmalar gəminin qəfil çevrildiyini göstərir. Qəzaya səbəb kimi gövdənin bir hissəsində suyun daxil olması göstərilir. Hadisə yerində dənizdə sızma izləri müşahidə olunur və ətraf ərazilərdə ekoloji monitorinq başlayıb.
Məlum olub ki, gəminin kapitanı Rusiya vətəndaşıdır. Ekipajın digər üzvləri isə 20 filippinli, iki ukraynalı və bir gürcüdən ibarət olub. Xoşbəxtlikdən bütün 24 ekipaj üzvü xilasetmə qrupları tərəfindən sağ-salamat təxliyə edilib.
Hazırda gəmi ətrafında təhlükəsizlik zonası yaradılıb və sızmaların qarşısını almaq üçün xüsusi vasitələr səfərbər olunub. Hindistan rəsmiləri hadisəni nəzarətdə saxladıqlarını bildirir və ətraf mühitə dəyən zərərin minimuma endirilməsi üçün tədbirlər davam etdirilir.