İranda müharibə “qara qızıl”ın qiymətini üzüyuxarı aparan lokomotiv rolunda çıxış edir.
Azpost.info bildirir ki, bu sözləri neft üzrə mütəxəssis İlham Şaban paylaşımında qeyd edib.
Ekspertin sözlərinə görə, Brent markalı neftin 1 bareli bu gün Bakı vaxtı ilə saat 6:30-da elektron hərraclarda $119.5-a satıldı. Bu, may ayında təhvil verilən fyuçers müqaviləsi üzrə qiymətdir. Hazırda neft qiymətləri $107-dan aşağı qiymətə düşüb. Yəni qısa müddətdə baş verən emosional qiymət dəyişkənliyi göz qabağındadır.
Cümə günü London Əmtəə Birjası (İCE) bağlanarkən neft $92.69 qiymətində idi. İrana qarşı ABŞ-İsrail müharibəsi başlamazdan öncə Brent $72.48 qiymətində satılırdı. Yəni bu hərbi münaqişə “qara qızıl”ın qiymətini üzüyuxarı aparan lokomotiv rolunda çıxış edir.
O, qeyd edib sonuncu dəfə neft $110-dan baha qiymət həddində 2022-ci ilin 17 iyun tarixində ticarət edilmişdi.
Niyə neft yeni iş həftəsini bu cür emosional qiymət artımı ilə başladı?
“Bunun əsas səbəbi Səudiyyə, İraq, BƏƏ və Küveytin neft hasilatını şənbə günündən başlayaraq azaltmaqları ilə bağlı xəbərlər oldu. Müharibənin ilk həftəsində bu baş verməmişdi (İraq istisna olmaqla), çünki hasil edilən neft ehtiyat çənlərində toplanırdı. Onlar dolduqca ixrac imkanlarının daralması ucbatından hasilatın azaldılması məntiqlidir”-deyə İlham Şaban bildirib.
Bəs qiymətlər dünya bazarında necə dəyişə bilər? Daha da bahalaşmaq ehtimalı necə dəyərləndirilir?
Ekspertin fikrincə, artıq bu həftə bir sıra iri neft idxalçıları özlərinin strateji neft ehtiyatlarından istifadə etməyi gündəmə gətirə bilərlər. Yəni bahalı nefti almamaq üçün. O zaman təbii ki, belə hal özünü qiymətlərdə də əks etdirəcək və neftin üzüyuxarı hərəkətinin qarşını alan mane kimi çıxış edəcək:
“Aşağıdakı cədvəldə Asiya ölkələrinin (Körfəz ölkələrinin əsas ixracı Asiya bazarına yönəlib) strateji neft ehtiyatları və həmin həcmlərin onların ehtiyaclarını ödəmək üçün neçə gün bəs etməsi göstərilib. Ən böyük “neft ehtiyatı yastığı” Yaponiyaya məxsusdur – 254 gün idxalsız keçinə bilər. Çinin topladığı neft ehtiyatları əslində açıqlanmır, sirr kimi saxlayırlar. Bununla belə ehtimal olunur ki, 200 günə bəs edər. ABŞ kimi ölkənin 400 mln bareldn çox strateji neft ehtiyatı mövcuddur”.

İ.Şabanın sözlərinə görə, Azərbaycana gəldikdə isə biz neft satan ölkəyik və neft ehtiyatı anbarlarımız Səngəçal və Böyükşor gölü ətrafında SOCAR-ın rezervuarlarırır. Rəsmən açıqlanmır ki, nə zamana çatar və ya nə qədər ehtiyat toplamaq mümkündür.
“İkincisi, Azərbaycan jurnalistlərinin “neft qiymətlərinin artımının ölkə iqtisadiyyatına nə verəcək” sualına cavab olaraq onu bildirmək istərdim ki, birmənalı olaraq gəlir artır. Çünki baha satmaq şansın yaranır. Amma bu stabil olmadığından, situativ hal olduğundan nə qazancı müəyyənləşdirmək mümkündür, nə də rifahı. Çünki neft şirkətləri də büdcəyə vergini rüblük şəkildə ödəyirlər. Hardasa aprelin ortasında maliyyə nazirliyinin əlində tam real məlumatlar olacaq ki, neft-qaz sektorundan büdcəyə proqnoz göstəricisindən nə qədər çox və ya az vəsait daxil olub”.
“Bizdə problem odur ki, ildə təqribən 2 dəfə Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanır: ilin ortasında Neft Fondu illik hesabatı zamanı ötən ilin göstəricisini, bir də gələn ilin büdcəsi tərtib olunarkən cari ilin 9 ayının yekununda olan qiymətlər göstərilir. Bəs rəqəmsallaşdırmanın, süni zəkanın bu qədər inkişaf etdiyi zaman niyə bunu hökumətimiz hər ay açıqlamır? Yəqin ki, bunu hökumətdən başqa kimsə doğru-dürüst cavablandıra bilməz”-deyə ekspert vurğulayıb.
