Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizdə baş verən bədbəxt hadisə nəticəsində bir azyaşlı həyatını itirib, üç nəfər isə xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə Hövsan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlayıblar.
Aparılan əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas ediliblər.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN hadisə ilə əlaqədar vətəndaşlara bir daha müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Nazirlik xüsusilə nəzarətsiz və qeyri-çimərlik ərazilərdə dənizə girməməyi, həmçinin küləkli hava şəraitində çimməkdən çəkinməyi tövsiyə edib.