Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus Cizan şəhərindəki neft emalı zavodu Yəmənin “Ənsar Allah” (husi) hərəkatının hücumundan sonra fəaliyyətini dayandırıb.
Azpost.info xəbər verir ki, bu barədə Reuters agentliyi konsaltinq şirkəti IIR-ə istinadən məlumat yayıb.
Məlumata görə, zavodun fəaliyyəti iyulun 27-dən dayandırılıb. Müəssisədə gündə təxminən 400 min barel xam neft emal olunur.
Hücum nəticəsində buxar-qaz qurğusu və yanacaq saxlama sahəsinə ziyan dəyib. Zavodun fəaliyyətinin 15 avqust tarixində bərpa olunacağı gözlənilir.
Ekspertlər hesab edirlər ki, zavodun fəaliyyətinin dayanması xam neftə olan tələbatın azalmasına səbəb ola bilər.
Xatırladaq ki, Yəmən husilərinin nümayəndəsi Yəhya Saria iyulun 25-də “Saudi Aramco”nun Cizan və Yənbu şəhərlərində yerləşən obyektlərinə zərbələr endirdiklərini açıqlamışdı. Onun sözlərinə görə, hücumlarda onlarla ballistik raket və pilotsuz uçuş aparatından istifadə olunub.