Husilər Səudiyyə Ərəbistanında hava limanını PUA ilə vurdu –

10 nəfər xəsarət alıb
09 Oktyabr 2021 - 13:14

Yəməndəki Husi qiyamçılarının Səudiyyə Ərəbistanının Cəzan şəhərindəki Kral Abdulla Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində 10 nəfər xəsarət alıb.

Bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Yəməndə Husilərə qarşı döyüşən Ərəb Koalisiyasının mətbuat katibi, general Turki Əl-Maliki jurnalistlərə müsahibəsində bildirib ki, PUA-ların atdığı bombalar hava limanına ciddi zərər vurub və mülki şəxslərin xəsarət alması ilə nəticələnib. Onun sözlərinə görə, yaralılar arasında sərnişinlər və aeroportun əməkdaşları da var.

Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Husilərin mülki obyektlərə növbəti hücumunun beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu bəyan ediblər.