Həcc ziyarətini təşkil edən ən yaxşı ölkə –Səudiyyə Krallığı Azərbaycana niyə təşəkkür etdi?

Növbəti Həcc mövsümü başa çatdı. Hər il milyonlarla müsəlman Kəbəni ziyarət etmək üçün Səudiyyə Ərəbistanına səfər edir.

Zəvvarlar üçün bu, günahların bağışlanması, onları Allaha yaxınlaşdıran və dünyanın 1,8 milyarddan çox müsəlmanını birləşdirən mənəvi təcrübədir. Bu müqədəs yolçuluğa çıxan zəvvarlar ən ülvi arzuları və niyyətlərini ifadə edir, dünyamız və bəşər əhlinin sülh və əmin amanlığı üçün Allah dərgahına əl açırlar.

Azərbaycan zəvvarlarına da bu il müqəddəs səfərə çıxmaq nəsib oldu.  Qeyd edək ki, bu il ölkəmiz üçün kvota 1440 nəfər olub. Zəvvarlar üçün Həcc ziyarətinin qiyməti adambaşına 5750 dollar təşkil edib.

Azərbaycanın uzaq səfərlə bağlı yüksək səviyyədə təşkilatçılığı diqqətdən kənarda qalmayıb. Azərbaycan Həcc mövsümünə hazırlıq prosedurlarını ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib.

Bu barədə Krallığın Həcc və Ümrə naziri Tövfiq ər-Rəbiah Məkkə şəhərində Nazirlikdə Həcc mövsümünün yekunu ilə bağlı təşkil olunmuş tədbirdəki çıxışında məlumat verib.

O, Həcc mövsümünə hazırlıq prosedurlarını mükəmməl şəkildə, tez icra edilməsi və ziyarətin gözəl təşkili ilə bağlı ən yüksək qiymətləndirilən 3 ölkənin adını açıqlayıb. Bu ölkələr isə Azərbaycan, İraq və Cənubi Afrikadır.

Tədbirə Qafqaz Müsəlmanları İdarəsi Həcc Missiyasının məsul şəxsləri dəvət edilib. Təltif edilənlərin elan edilməsi zamanı auditoriya qarşısındakı böyük monitorda Azərbaycanın bayrağı nümayiş etdirilib, Azərbaycan Həcc Missiyasının məsulları səhnəyə dəvət edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tövfiq ər-Rəbiah onlarla görüşərək təbrik edib və xatirə şəkli çəkdirib.

Həcc ziyarətinin təşkili böyük diqqət və məsuliyyət tələb edir.

Bu il Məkkəni müxtəlif ölkələrdən olan 2 milyona yaxın müsəlman ziyarət edib. Bu pandemiyadan sonra rekord rəqəmdir.

QMİ-nin  nümayəndə heyəti bu ilin əvvəlində Səudiyyə Ərəbistanına səfər edərək Krallığın Həcc və Ümrə Nazirliyi ilə 2023-cü ildə Həcc ziyarətinə dair saziş imzalayıb.

Bu prosesi idarə etmək və uğurla sona çatdırmaq peşəkarlıq, təcrübə tələb edir. Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) aiddir. Ziyarətə getmək istəyənlərin sənədləri mövsümə 7 ay qalmış QMİ-də qəbul olunur.

Qeyd edək ki, həm kvota, həm maliyyə məsələlərini, həm də məhdudiyyətləri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi müəyyənləşdirir.

Sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və QMİ ilə zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bank hesabına ödənilir.

Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilib. Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməlidirlər.

Ziyarətə getmək istəyənlər biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 ölçülü 4 ədəd şəkil (ag fonda rəngli şəkil) və tibbi arayış təqdim edirlər.

Müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa qurumun vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır.

QMİ-nin təşkil etdiyi səfər öz dəqiq gündəliyi, təhlükəsizliyi, zəvvarların məkana vaxtında çatdırılması ilə seçilir.

 

Qeyd edək ki, bir sıra ölkələrdə səfərin təşkili ilə bağlı özəl turizm şirkətləri məşğul olsa da bu ziyarət prosesində fors-major vəziyyətini istisna etmir. Məsələn, bu tur proqramlarında qeyd olunur ki, hava şəraitini nəzərə alaraq proqramda fors-major dəyişikliyi ola bilər.

Burada kvota fərqləri də müxtəlifdir. Məsələn, Rusiya üçün bu il kvota 25 min zəvvar olub, Özbəkistandan 7200, Türkmənistanda 270 zəvvar Məkkəyə gəlib.

Türkmənistanda zəvvaraların səfərinə prezidentin xüsusi sərəncamı ilə icazə verilir. Bunun üçün zəvvarların öz hesabına Səudiyyəyə aparıb-gətirən xüsusi təyyarə reysi ayrılır.

Azərbaycandan səfərin təşkilinə qrupların yığılması, təyyarə bileti, oteldə qalma və yemək xərcləri daxildir. QMİ-nin həcc ziyarəti üzrə nümayəndə heyəti bütün bu prosesə cavabdeh kimi ziyarətin sonuna qədər prosesi idarə edir.

Ziyarət qruplarının aparılması həm də təhlükəsizlik məsələsidir. Təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi bəzi xoşagəlməz halların baş verməsinin qarşısını alır.

Bu baxımdan QMİ-nin təşkilatçılığı ən yaxşılarından saymaq olar. Burada zəvvarlara konsul xidməti, yerlərdə dəstək mühüm amildir. QMİ-nin ziyarətçilərin sağlamlığına nəzarət üçün ayırdığı həkim qrupu da vaxtında lazımi tibbi müdaxilə üçün hazırlıqlı olur.

Bundan başqa Bakıda zəvvarlar üçün təlim keçilir, Məkkədə hərəkət planı, ziyarət marşrutunun xəritəsi təqdim olunur. Burada ödəniş məsələsində də diqqət çəkən detal var. Ziyarətə getmək üçün müraciət edən şəxsin həcc mövsumunə qədərki 7 ay ərzində əvvəldən hissə-hissə ödəniş etmək imkanı olur.

Dünyada baş vermiş bahalaşma səbəbindən bir sıra ölkələr son aylara qədər Həcc ziyarətinin qiymətini təyin edə bilmirdilər. Azərbaycanda da Həcc ziyarətinin qiymətinin gec açıqlanmasının səbəbi elə bu olub. QMİ qiymətlərin mümkün qədər aşağı olmasına çalışıb. Eyni zamanda ölkəmizdə təyyarə biletinin baha olması da qiymətə təsir edib.

1990-cı ildə Həcc ziyarətinə getmiş 1500 nəfərin içində Azərbaycandan olan zəvvarların sayı 151 nəfər olub.

1992-ci ildə Səudiyyə Ərəbistanı kralı keçmiş SSRİ respublikalarındakı müsəlmanların Həcc ziyarəti üçün 34 milyon dollar ayırdı. Bu yardım sayəsində ziyarətin məbləği 300 dollar təşkil edirdi. Minlərlə sovet müsəlmanı Məkkəyə ziyarətə gəldi. Kralın Məkkə  ziyarəti üçün sponsorluq etdiyi ölkələrin siyahısında Azərbaycan da var idi.

Bundan iki il əvvəl – 21 iyun 1990-cı ildə ilk dəfə olaraq Azərbaycan SSRİ höküməti ilə razılaşdırmadan, özü müstəqil şəkildə zəvvarları Həccə göndərmişdi. Şeyxülislam Allahükür Paşazadənin rəhbərliyi ilə  bir qrup zəvvar Məkkəyə ziyarəti böyük marağa səbəb olmuşdu və o dövrün xarici KİV-lərində ciddi təhlil edilmişdi. Həmin səfərdə Şeyx Allahşükür Paşazadəyə islam liderilərinə göstərilən xüsusi ehtiramla Kəbə evinin içinə daxil olmuşdu.

Həmin ildən başlayaraq Azərbaycan mütəmadi şəkildə müqəddəs ziyarətə zəvvar göndərməyə başlayır. Müstəqil Azərbaycanda dindarlar azad şəkildə ziyarətə gedir. Şeyxülislam müqəddəs həcc ziyarətinin təşkil olunmasında mühüm rol oynayıb. Bu illər ərzində QMİ Məkkə ziyarətinə gedənlərin təhlükəsiz ziyarəti üçün yüksək təşkilatçılıq nümayiş etdirib. Bu il Səudiyyədə Həcc mövsümünə hazırlıq prosedurlarını ən yaxşı yerinə yetirən ölkə kimi qiymət alması bunun subutudur.

Aydın ABBASOV

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.