İƏT Parlament Assambleyası Ermənistanın təcavüzünü qınadı

- BƏYANAT
14 İyul 2020 - 15:20

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib.

“Report” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib. Ermənistan ordusu tərəfindən edilən hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğal altında qalmasından dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında deyilir ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücumun nəticəsində Azərbaycan Respublikasının ərazisində 2 nəfərin ölümünə və 5 nəfərin yaralanmasına səbəb olub.

Bəyanatda Ermənistan Respublikasının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan Respublikasına qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğalının əbədiləşdirilməsindən dərin narahatlıq ifadə olunur.

Baş katibin bəyanatında həmçinin vurğulanır ki,  Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2020-ci ilin yanvar ayında Burkina Fasoda keçirilən 15-ci Konfransından başqa digər konfransların qətnamə və qərarlarına əsasən, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 ( 1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarmağa çağırır və Ermənistanın onlara tabe olmağa məcbur edilməsi üçün bu Qərar və Qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.