I Qarabağ müharibəsi ilə bağlı 100 nəfərə aid meyit qalıqları Azərbaycana verilib

“I Qarabağ müharibəsi ilə əlaqədar 100 nəfərə aid olması ehtimal olunan meyit qalıqları Azərbaycana verilib”.

Bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, bundan əlavə olaraq 60-a yaxın şəxsə aid olması ehtimal olunan meyit qalıqları Azərbaycan respublikası hərbçiləri və digərləri tərəfindən müəyyən edilərək Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Onlardan DNT nümunələri götürülür. Bizim sonuncu əməliyyatımız Fərrux yüksəkliyində baş tutub. Amma biz fikirləşirik ki, bu, son deyil. Ona görə ora qayıdacaq və ehkumasiya işlərini davam etdirəcəyik. Eyni zamanda Edillidə də bu işləri davam etdirəcəyik. Füzuli rayonun Aşağı Seyidəhmədli kəndində də meyit qalıqları tapılıb. Füzuli minalarla çirkləndiyi üçün biz hələ orada ehkumasiya işlərini apara bilmirik. Minalardan təmizlənəndən sonra orada da bu işləri davam etdirəcəyik”.

O bildirib ki, hər bir şəxsin harada itkin düşməsi haqqında Dövlət Komissiyasında məlumat var: “Hətta onların müəyyən hissəsinin hansı ərazilərdə basdırılması barədə əsir və girovluqdan qayıdan şəxslərin ifadələri əsasında məlumatlar var. Biz Beynəlxalq Komissiya ilə həmin şəxslərin məzar yerlərinin tapılmasında, ekshumasiyasında və eyniləşdirilməsində komissiyada olan müasir texnologiyaların olmasını nəzərə alaraq əməkdaşlıq edəcəyik”.

Əvvəlki məqalə

Avropa İttifaqı Ukraynadan olan qaçqınlara 17 milyard avro ayırır

Sonrakı məqalə

Zelenski kütləvi qırğının baş verdiyi Buçaya gedib