İçərişəhər ərazisinə kənar avtomobillərin girişinə yenidən icazə verilib. Lakin bu qərar bəzi sürücülər arasında narazılıqla qarşılanıb. Səbəb – ərazidə tətbiq olunan yeni parklanma qiymətləridir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin verdiyi məlumata görə, qoruq ərazisinə eyni anda maksimum üç yüz avtomobilin daxil olmasına icazə veriləcək. Bu məhdudiyyət mikromobilliyin qorunması və tarixi məkanda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə tətbiq olunub.
Qeyd olunur ki, giriş zamanı nəqliyyat vasitələrinin sayına nəzarət olunacaq və bu çərçivədən kənara çıxılmayacaq. Eyni zamanda, parklanma üçün müəyyən edilən ödənişlər istirahət günlərində də qüvvədə qalacaq.
Bəzi sürücülər isə həm avtomobil sayına məhdudiyyət, həm də park qiymətlərinin yüksək olması ilə bağlı narazılıqlarını bildirirlər.
Hazırda İçərişəhər ərazisinə girişə icazə verilsə də, bu qaydalarla əraziyə daxil olmaq istəyən sürücülərin əvvəlcədən məlumatlı olması tövsiyə olunur.