İcazələri olmadan Qusara istirahətə gedən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər

- FOTO
04 İyul 2020 - 16:06

Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gedən şəxslər inzibati məsuliyyətə cəlb edildilər

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

Belə ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.

Bu istiqamətdə tədbirlər Qusar RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.