Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Gündüz Əliyevin işdən çıxarılmasının kökündə şəhər bələdiyyəsi ilə bağlı müəmma dayanır.
Bu barədə Azpost.info-ya daxil olan məlumatda iddia edilir ki, Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanov bir müddətdir ki, işə çıxmır. Onun işə çıxmamasının səbəbləri barədə müxtəlif iddialar səsləndirilir. Bəzi məlumatlara görə, Sərviz Süleymanovun işə çıxmaması Zakir Fərəcovla aralarında yaranmış soyuqluqdan irəli gəlir.
Lakin başqa məlumatda bildirilir ki, məsələ Gündüz Əliyevlə bağlıdır. İddia olunur ki, əslində Sərviz Süleymanovla Gündüz Əliyev arasında münasibətlər gərgin olub. Bələdiyyə sədri onun fəaliyyətinə etiraz olaraq işə çıxmaqdan imtina edib. Sərviz Süleymanov Zakir Fərəcova yaxın şəxs sayılır. Hətta onların qohum olduqları iddia edilir. Bu səbəbdəndir ki, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra onu özünə müavin təyin etmişdi. O, Sumqayıta rəhbərlik etməyə başlayandan sonra isə Sərviz Süleymanovun da bələdiyyə sədri olmasına dəstək verib. Görünür, Zakir Fərəcov Gündüz Əliyev-Sərviz Süleymanov qarşıdurmasında qohumuna dəstək verməyi daha məqsəduyğun sayıb. Bu baxımdan, Gündüz Əliyev işini itirməli olub.
İddialara Gündüz Əliyevin münasibətini öyrənmək mümkün olmayıb. Əməkdaşımız onun mobil telefonuna zəng vursa da, şöbə müdiri telefonu açmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətində də zənglərə cavab verən tapılmayıb. Bu arada qeyd edək ki, icra hakimiyyətinin rəsmi internet səhifəsində Gündüz Əliyevin adı hələ də şöbə müdiri kimi qeyd olunub.
Abbas