Tovuzda 20 yaşlı qadının hoteldə ölüm səbəbi hələ müəyyən edilməyib

Baş Prokurorluq Tovuzda mehmanxanada qadının ölümü ilə bağlı məlumat yayıb.

 

Baş Prokurorluqdan verilən xəbərə görə, məlumatda deyilir:

“Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən guya Tovuz rayonunda yerləşən mehmanxanaların birində meyiti aşkar edilən qadının hamamda sürüşərək yıxılması nəticəsində başından aldığı xəsarət səbəbindən ölməsi barədə dəqiqləşdirilməmiş məlumatlar ictimailəşdirilib.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilir.

Bundan başqa, “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə, mediada dərc olunan informasiyalarda fakt və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Qeyd olunan hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda aparılan araşdırma zamanı şəxsin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı vaxtadək istintaq orqanına təqdim olunmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən məlumatların dərc edilməməsi xahiş olunur”.

Əvvəlki məqalə

İcra hakimiyyətinin şöbə müdiri niyə işdən çıxarılıb?

Sonrakı məqalə

Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb