Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüsal İsmayılovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib və məhkəmə iclas zalında həbsdən azad olunub.
İttihama görə, hadisə 28 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkının kənarında qeydə alınıb.
Belə ki, Vüsal İsmayılov Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkında yerləşən çayxanada birlikdə əyləşdiyi tanışı, zərərçəkmiş Həsən Quliyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onunla nalayiq formada zarafat edərək əlində saxladığı stəkanda olan çayı onun üzərinə tullaması olub. Sonra Vüsal aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün Həsəni Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkının kənarına dəvət edib. O, həmin tarixdə saat 23 radələrində qeyd olunan ünvanda görüşüb söhbət edən zaman üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər yetirib.
Hadisədən sonra Vüsal İsmayılov saxlanılaraq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.