İdman etsəniz də arıqlamırsınız? –Çəki artımına səbəb olan 13 vərdiş

Pəhriz
Pəhriz

Bəzi gündəlik vərdişlər müntəzəm idman etməyinizə baxmayaraq çəki artımına səbəb ola və arıqlama prosesini ləngidə bilər. Məşqçi arıqlamağa mane olan əsas amilləri sadalayıb.

Azpost.info xəbər verir ki, bu barədə Eat This, Not That! saytı yazıb.

1. Az hərəkətli həyat tərzi

İdman zalına getsəniz belə, günün böyük hissəsini oturaq keçirmək arıqlamağı çətinləşdirə bilər. Məşqçi Keyt Mayer bildirir ki, it gəzdirmək, pilləkənlə qalxmaq kimi sadə hərəkətlər belə maddələr mübadiləsini sürətləndirərək çəki itirməyə kömək edir.

2. Porsiyaların ölçüsünü düzgün qiymətləndirməmək

Kornell Universitetinin araşdırmasına görə, insanların çoxu yediyi porsiyaların kaloriliyini olduğundan aşağı hesab edir. Bu isə arıqlama prosesinə ciddi mane ola bilər. Buna görə qəbul etdiyiniz qidanın miqdarına diqqət yetirmək vacibdir.

3. Çəki azaldıqca qidalanmanı dəyişməmək

Çəki azaldıqca maddələr mübadiləsi də yavaşıyır və orqanizmə əvvəlkindən daha az kalori lazım olur. Əgər arıqlama prosesi dayanıbsa, qidalanma planını yenidən nəzərdən keçirmək lazımdır.

4. Kalorili içkilərdən istifadə

Qazlı içkilər, qablaşdırılmış meyvə şirələri və spirtli içkilər çoxlu “boş kalori” ehtiva edir. Mütəxəssislər onların əvəzinə su və ya kalorisiz içkilərə üstünlük verməyi tövsiyə edirlər.

5. Kifayət qədər yatmamaq

Keyfiyyətli yuxunun az olması aclıq hormonu olan qrelinin ifrazını artırır. Bu isə həddindən artıq yeməyə səbəb ola bilər. Gündə ən azı 7 saat yatmaq tövsiyə olunur.

6. Rasionda zülalın az olması

Zülal ən çox toxluq hissi yaradan qida komponentlərindən biridir. Hər yeməkdə zülalla zəngin məhsullara yer vermək həddindən artıq qidalanmanın qarşısını almağa kömək edir.

7. Xroniki stress

Stress zamanı orqanizmdə kortizol hormonu artır və iştah güclənir. Meditasiya, idman və ya digər rahatlaşdırıcı fəaliyyətlər stressi azaltmağa kömək edə bilər.

8. Hormonal pozğunluqlar

Kortizolun yüksək olması və ya qalxanabənzər vəzin problemləri arıqlamağı çətinləşdirə bilər. Həkim müayinələri hormonal balansı nəzarətdə saxlamağa imkan verir.

9. Fiziki aktivliyin azlığı

Az hərəkət etmək enerjinin sərfini azaldır və düzgün qidalansanız belə çəki artımına səbəb ola bilər. Fiziki aktivlik eyni zamanda stressin azalmasına da kömək edir.

10. Yeməkləri ötürmək

Yemək vaxtını keçirmək sonrakı qidalanmada həddindən artıq yeməyə səbəb ola bilər. Müntəzəm qidalanma qanda şəkərin səviyyəsini sabit saxlayır.

11. Yaşın artması

Yaş artdıqca maddələr mübadiləsi yavaşıyır, əzələ kütləsi azalır. Əzələlər yağ toxumasından daha çox enerji sərf etdiyinə görə bu proses arıqlamağı çətinləşdirir.

12. Genetik amillər

Genetika maddələr mübadiləsinə, iştahaya, yağın bədəndə paylanmasına və çəkinin nə qədər sürətlə artmasına təsir göstərən vacib amillərdəndir.

13. Lifli qidaların az qəbulu

Qida lifləri qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir, uzun müddət toxluq hissi yaradır və insulin səviyyəsində kəskin dəyişikliklərin, eləcə də həddindən artıq yeməyin qarşısını alır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.