Onlayn ticarət platformalarından biri olan “BİRMARKET”lə bağlı daha bir ciddi müştəri şikayəti gündəmə gəlib.
Vətəndaş Gülay Yəhyayeva bildirib ki, sözügedən platformadan etdiyi alış-veriş peşmançılıqla nəticələnib və sifarişinə görə geri ödənişi artıq iki aydan çoxdur ala bilmir.
AzPost.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, 11005792231 nömrəli sifariş üzrə geri qaytarılmalı olan vəsait hələ də hesabına köçürülməyib. Müştəri iddia edir ki, bu müddət ərzində şirkətlə əlaqə saxlamaq üçün etdiyi çoxsaylı zəng və müraciətlər cavabsız qalıb.
Gülay Yəhyayeva bildirir ki, şikayətlərə baxan, müştəri ilə maraqlanan heç bir rəsmi nümayəndə yoxdur. Onun sözlərinə görə, mövcud münasibət müştərinin ciddi şəkildə narazı qalmasına və psixoloji gərginlik yaşamasına səbəb olur. “Adamı axmaq yerinə qoyurlar”, – deyə o, narazılığını ifadə edib.
Şikayətçi digər vətəndaşları da ehtiyatlı olmağa çağıraraq bildirib ki, əsəblərinin sakit qalmasını istəyənlər “BİRMARKET”dən alış-veriş etməsinlər. Onun sözlərinə görə, yaşadığı vəziyyət bu platformaya olan etimadı tamamilə sarsıdıb.
Mütəxəssislər bildirirlər ki, onlayn satış platformaları müştərinin geri ödəniş hüququnu təmin etməli və müraciətlərə vaxtında cavab verməlidir. Əks halda bu cür hallar həm istehlakçı hüquqlarının pozulması, həm də şirkətin nüfuzuna ciddi zərbə hesab olunur.
Qeyd edək ki, məsələ ilə bağlı “BİRMARKET”in rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.