Prezident İlham Əliyev bu gün Bakıda keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində mühüm bəyanatlar səsləndirib.
Dövlət başçısı çıxışında 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin təkcə Azərbaycan üçün deyil, bütün region üçün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdiyini vurğulayıb. Prezidentin sözlərinə görə, həmin müqavilə məhz ümummilli lider Heydər Əliyevin strateji baxışına uyğun şəkildə imzalanıb və Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir və davamlı inkişafını təmin edir. O, ölkədə genişmiqyaslı islahatların həyata keçirildiyini və iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Prezident çıxışında Azərbaycanın xarici borc səviyyəsinə də toxunaraq bildirib ki, hazırda ölkənin xarici borcu ümumdaxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu göstərici Azərbaycanın maliyyə dayanıqlığının və iqtisadi sabitliyinin mühüm göstəricisidir.
Tədbir çərçivəsində regional və beynəlxalq enerji əməkdaşlığı, yaşıl enerji layihələri və iqtisadi əlaqələrin genişləndirilməsi mövzusunda müzakirələr də aparılır.