İlham Əliyev səs verdi
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.
AzPost xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.
Yanvarın 29-da səhər saat 8:00-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
Seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də məcburi köçkün vətəndaşlarımız var. Ümumilikdə 400 minə yaxın məcburi köçkün seçici bələdiyyə seçkilərində səsvermədə iştirak etmir.
Seçicilərin azad və sərbəst səs verməsi üçün hər cür zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılıb. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir.
Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Səsvermə saat 19:00-da başa çatacaq.