İlon Mask Günəş enerjisi ilə işləyən peyk hazırlamaq istəyir

Amerikalı milyarder İlon Mask kosmos və süni intellekt sahələrini birləşdirən yeni strateji addım atıb. Onun aerokosmik şirkəti SpaceX, süni intellekt texnologiyaları üzərində çalışan xAI şirkətini satın alaraq birləşmə həyata keçirib.

AzPost xəbər verir ki, bu addım Maskın süni intellektin inkişafı üçün kosmosda günəş enerjisi ilə işləyən peyklər və məlumat mərkəzləri yaratmaq planlarının tərkib hissəsi kimi qiymətləndirilir. Razılaşma SpaceX-in rəsmi saytında yayımlanan açıqlama ilə təsdiqlənib.

Bildirilib ki, sözügedən birləşmə “Yer üzündə və onun hüdudlarından kənarda süni intellekt, raket texnologiyaları, kosmik internet, mobil cihazlarla birbaşa əlaqə və qabaqcıl texnologiyaları özündə birləşdirən ən iddialı vertikal inteqrasiya olunmuş innovasiya mexanizmi”nin formalaşmasına xidmət edəcək.

“The Guardian” nəşrinin yazdığına görə, SpaceX bu razılaşma ilə xAI-yə məxsus Grok çat-botuX sosial platforması da daxil olmaqla bir sıra əsas texnoloji aktivləri əldə edib. Birləşmə, eyni zamanda, SpaceX-in bu ilin sonuna doğru planlaşdırılan açıq səhmlər təklifi (IPO) ərəfəsində həyata keçirilib. Şirkətin bazar dəyərinin 1 trilyon dollardan çox ola biləcəyi ehtimal edilir.

Açıqlamada Maskın kosmosda məlumat mərkəzləri qurmaq planları xüsusi vurğulanıb. Bildirilib ki, müasir süni intellekt sistemləri Yer üzündə yerləşən böyük data mərkəzlərindən və yüksək enerji istehlakından asılıdır. Bu isə həm enerji çatışmazlığı, həm də ekoloji problemlər yaradır.

“Qlobal miqyasda süni intellekt üçün tələb olunan elektrik enerjisi yaxın perspektivdə yalnız yerüstü həllərlə qarşılanması mümkün olmayan səviyyəyə çatıb. Uzunmüddətli baxımdan kosmosda yerləşdirilən süni intellekt infrastrukturu yeganə real miqyaslama yoludur”, – deyə açıqlamada qeyd olunub.

Son aylarda İlon Mask biznes imperiyasını daha sıx inteqrasiya etmək istiqamətində ardıcıl addımlar atır. Xatırladaq ki, 2025-ci ilin əvvəlində xAI, X platformasını səhmlər qarşılığında satın almışdı. Bundan əlavə, ötən ay Tesla şirkəti xAI-yə 2 milyard dollar sərmayə yatıracağını açıqlayıb.

Mediaya görə, həm SpaceX, həm də xAI son bir il ərzində rekord dərəcədə yüksək qiymətləndirmə əldə edib. SpaceX ABŞ hökuməti ilə genişmiqyaslı müqavilələr bağlamaqda davam edir və 2025-ci ilin sonunda investorlar üçün göndərilən məktubda şirkətin dəyərinin 800 milyard dollar səviyyəsində qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, xAI şirkətinin hazırladığı Grok süni intellekt aləti ilə bağlı irəli sürülən irqi ayrı-seçkilik və etik pozuntularla bağlı tənqidlərə baxmayaraq, şirkətin bazar dəyəri süni intellekt bumunun təsiri ilə artmaqda davam edir.

Razılaşma ilə bağlı şayiələr ilk dəfə Reuters agentliyi tərəfindən yayılıb. İlon Mask isə sosial şəbəkə X üzərindən bu xəbərlərə “bəli” cavabı verərək dolayısı ilə məlumatı təsdiqləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.