Milyarder İlon Maskın oğullarından birinin anası Eşli Sent-Kler onunla əlaqəli süni intellekt texnologiyasına görə məhkəməyə müraciət edib. AzPost xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında qaldırılan iddiada qadın sosial şəbəkələrdə onun barəsində əxlaqa zidd saxta görüntülərin yayıldığını bildirir. Sent-Klerin iddiasına görə, bu görüntülər Maskın nəzarətində olan süni intellekt aləti vasitəsilə yaradılıb və ictimaiyyətə çıxarılıb.
Şikayətdə qeyd olunur ki, görüntülər qadının razılığı olmadan hazırlanıb və onun şəxsi ləyaqətinə ciddi zərər vurub. Bildirilir ki, bəzi materiallarda Sent-Kler azyaşlı kimi təsvir edilib ki, bu da qanunvericiliyin kobud şəkildə pozulması hesab olunur. İddiaçı tərəf vurğulayır ki, şirkət əvvəlcədən bu cür görüntülərin yaradılmasının qarşısının alınacağını bəyan etsə də, faktiki olaraq bu vədlər yerinə yetirilməyib.
Eşli Sent-Kler məhkəmədən maddi təzminat və cərimə tədbirlərinin tətbiqini tələb edir. Onun vəkili Kerri Qoldberqin sözlərinə görə, süni intellekt məhsulu kifayət qədər təhlükəsiz deyil və cəmiyyət üçün risk yaradır. Vəkil bildirir ki, müvəkkili uzun müddət psixoloji təzyiqə məruz qalıb və bu proses onun şəxsi həyatına ciddi təsir göstərib.
Məlumata görə, qalmaqaldan sonra şirkət bəzi ölkələrdə real insanlara aid açıq-saçıq görüntülərin yaradılmasına texniki məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. İlon Mask isə məsuliyyətin istifadəçilərin üzərində olduğunu bildirib və qanunsuz məzmun yaradanların cəzalandırılacağını deyib. Bununla belə, məhkəmə işi süni intellekt texnologiyalarının hüquqi və etik sərhədləri ilə bağlı müzakirələri daha da gücləndirib.
Qeyd edək ki, Eşli Sent-Kler 2024-cü ildə İlon Maskdan bir oğlan uşağı dünyaya gətirib. O, baş verənləri təqib və razılıq prinsiplərinin pozulması kimi qiymətləndirir və məhkəmə prosesinin bu sahədə presedent yaradacağını düşünür.