İmmuniteti gücləndirən, dərini təravətli saxlayan kəsmik

10 Avqust 2021 - 09:09

Kəsmik protein tərkibli südün fermentasiya edilmiş məhsuldur, onun tərkibində çoxlu mineral və mikroelementlər var. Kalsiumla zəngin olduğuna görə sümüklərin inkişafında əhəmiyyətli rol oynayır. Onu mütəmadi istehlak etməklə dərini təravətli saxlamaq olar.

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

Tərkibi B vitaminləri ilə zəngin olduğuna görə metobolik sistemin normal işləməsini təmin edir. Kəsmik həm pəhriz, həm də uşaq qidası kimi geniş istifadə olunur. Müntəzəm olaraq kəsmik istehlakı orqanizmdə immuniteti gücləndirir, stressi aradan qaldırır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir. Qadınlar üçün gündəlik kəsmik istehlakının miqdarı 200, kişilər üçün 250, körpələr üçün isə 30 qram təşkil edir.

Kəsmik ev şəraitində xüsusilə qaranlıq yerlərdə uyğun temperatur rejimində, yəni 2-4 dərəcə S temperaturda soyuducuda saxlanılmalıdır. Onu 2 dərəcə S-də 36 saat, mənfi 18 dərəcə S-də isə altı ay saxlamaq olar. Meyvəli kəsmiklərin saxlanma müddəti isə daha azdır.