İmran Xanın tərəfdarları və polislər arasında toqquşmada 62 nəfər yaralanıb

Pakistanın Lahor şəhərində sabiq Baş nazir və müxalif Ədalət uğrunda partiyasının sədri İmran Xanın tərəfdarları və polis əməkdaşları arasında baş vermiş toqquşma nəticəsində ən azı 62 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə bu gün GEO TV məlumat yayıb.

 

Bildirilib ki, qarşıdurma zamanı xəsarət alanlardan 54 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Pakistanın Lahor şəhərində müxalifət fəalları sabiq Baş nazir İmran Xanın evinə yaxınlaşan polis avtomobillərini yandırıb, toqquşmalar baş verib.

Polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər, onun tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə edib.

Hazırda iğtişaşlar baş verən əraziyə təcili tibbi yardım maşınları və xüsusi polis texnikası cəlb edilib.

İmran Xan “Twitter“də tərəfdarlarına onun müdafiəsinə qalxmağa çağırış edib, bildirib ki, polis qüvvələri onu oğurlamaq və ya öldürmək niyyətindədir.

Əvvəlki məqalə

“Qarabağ” – “Qalatasaray” oyununa biletlərin qiyməti açıqlanıb

Sonrakı məqalə

Pike Şakiranın xəyanətdən bəhs edən mahnısına ilk dəfə münasibət bildirdi