İngiltərədə karantin 4 mərhələdə ləğv olunacaq

23 Fevral 2021 - 09:30

Britaniyanın Baş naziri Boris Conson dörd mərhələli planını açıqlayaraq İngiltərənin karantindən çıxması ilə bağlı məlumat verib.

Bunun üçün ilk addım olaraq İngiltərədə 8 martda məktəblər yenidən açılacaq və iki nəfərin çöldə bir-birilə görüşməsinə icazə veriləcək. 29 martda isə 6 nəfərə qədər insanlar bir araya gələ biləcək.

Baş nazirin planının ikinci addımında isə 12 apreldə qeyri-zəruri mağazaların, idman zallarının və bərbərxanaların açılacağı nəzərdə tutulur. Üçüncü addımın tətbiqi zamanı – 17 maydan etibarən, demək olar ki, bir çox sosial əlaqəni məhdudlaşdıran qaydalar aradan qaldırılacaq.

Boris Conson bildirib ki, sonuncu mərhələ olaraq 21 iyunda sosial təmasla bağlı bütün qaydaların ləğv olunacağı gözlənilir. O qeyd edib ki, buna baxmayaraq, əgər yoluxma sayında ciddi artım olarsa, bu, təxirə salına bilər.

Qeyd edək ki, Şotlandiya, Uels və Şimali İrlandiya öz yerli qanunvericiliyinə tabedir. (APA)