“İqtisadi və İnvestisiya Planı ilə regiona dəstək olacağıq” –

Aİ rəsmisi
08 İyul 2021 - 17:18

“Şərq Tərəfdaşlığı” ölkələri üçün təqdim etdiyimiz İqtisadi və İnvestisiya Planı Aİ tərəfindən bu region üçün müsbət siqnaldır”.

Bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Komissar bildirib ki, bu, Azərbaycana ilk səfərdir və səfər kifayət qədər zəngin və intensiv olub: “İnanıram ki, bu səfər Azərbaycanla əməkdaşlığımızın sürətlənməsinə təkan verəcək, biz bu səfərlə yeni başlanğıca nail olmuşuq”.

O, regiona səfərinin məqsədinin bu planı təqdim etmək olduğunu deyib: “Bu plan bütöv regionun pandemiyadan sonra bərpası və COVID-19 böhranından daha güclü çıxması üçündür. Sözügedən plan birgə işdir, biz region ölkələri ilə bu plan üzərində birgə işləmişik, bu, ortaq məhsuldur. Bu plan tərəfdaşlıq ölkələrinin iqtisadi və sosial sahədə güclü olması üçün reallaşacaq. Çünki biz pandemiyanın regiona təsirlərini görürük, bölgə sosial-iqtisadi baxımdan çətinliklərlə üzləşib. İqtisadi və İnvestisiya Planı ilə biz regiona dəstək olacağıq”.