“Qərb dairələrinin Azərbaycan əleyhinə verdikləri bəyanatların məqsədi Ermənistan cəmiyyətinin xoşuna gəlməkdir”.
Bu sözləri Azpost.info-ya Qərbin Azərbaycana təzyiq siyasətinə münasibət bildirən sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib.
Keçmiş nazir bildirib ki, bu gün Qərb Rusiyanın Ermənistandan çıxarılması, Moskvanın İrəvan üzərində təsirlərini minumuma endirmək siyasəti aparır: “Azərbaycan əleyhinə, ermənilərin xoşuna gələn açıqlamalar verilir ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi daha da güclənsin. Ona görə də, hesab edirəm ki, bu bəyanatlar o qədər də Azərbaycana aid deyil. Burada məntiqi ziddiyyətlər mövcuddur”.
“Məsələn, Avropa İttifaqının xarici siyasət məsələlərinə məsul olan Josef Borell bəyanat verdi ki, Ermənistanın ərazi bütövlüyünün pozulmasının ağır nəticələri olacaq. Cənab Borell bizə göstərə bilər ki, Ermənistan əraziləri haranı əhatə edir? Sərhədlər delimitasiya və demarkasiya olunmayıbsa, o zaman hansı ərazi bütövlüyündən söhbət gedir? Ermənistanın baş naziri ərazini kvadratmetrlə göstərir. Dünyada belə şey yoxdur. Bəlkə kiloqramla göstərsinlər? Bu, qeyri-ciddi yanaşmadır”, – diplomat vurğulayıb.
T.Zülfüqarov sual edib ki, Borell Ermənistanın sərhədinin harada başlamasını, harada bitməsini hardan bilir, necə müəyyənləşdirib: “Kvadratkilometrlərlə və ya metrələrlə bunu demək olmaz. Məsələn, Paşinyan deyir ki, Azərbaycanın ərazisi 86.6 min kvadratkilometrdir. Baxın, Xəzər dənizinin sahil xətti dəyişib. İndi bu itirilən metrələr necə olacaq? Demək istəyirəm ki, rəqəmlər hamısı siyasi manipulyasiyalardır. Bəli, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmaq niyyətində deyil. Amma sərhəd müəyyən olunmalıdır. Delimitasiya, demarkasiya olmalıdır ki, sərhəd də pozulmasın”.
“Sərhədlərin müəyyənləşməsi danışıqlar mövzusudur və hələ ki, məsələ həllini tapmayıb. Paşinyanın dediyi rəqəmlər mütləq həqiqət deyil axı ki, avropalı siyasilər buna istinad edib Azərbaycana qarşı bəyanat versinlər. Məsələn, Azərbaycan rəsmiləri də deyəcək ki, Zəngəzur bizimdir. Bundan sonra Türkiyə və Pakistan da bizi dəstəkləyən bəyanat səsləndirəcək. Amma bu o demək deyil ki, bu məsələ həll olundu. Məsələlərin həlli üçün danışıqlar olmalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycana qarşı verildiyi müşahidə olan bəyanatların heç də bizə aidiyyəti yoxdur. Məqsəd bəllidir, Qərb-Rusiya qarşıdurması Ermənistan üzərindən davam edir”, – sabiq nazir əlavə edib.
“Ermənistanı çox çətin günlər gözləyir. Əgər Qərb-Rusiya qarşıdurması İrəvan üzərindən güclənirsə, Ermənistan üçün təhlükəli hadisələr baş verə bilər. Nəzərə almaq lazımdır ki, bu qarşıdurmaya İran da qoşulacaq. Çünki İran bölgəyə Qərbin gəlişini istəmir. Əgər Ermənistan rəhbərliyi ərazisində Qərbin möhkəmlənməsini istəyirsə, Tehran buna qarşı çıxacaq. Ermənistan rəhbərləri siyasətləri ilə ölkələrini elə vəziyyətə salıblar ki, geopolitik baxımdan vəziyyətləri çox ağırdır”, – diplomat fikrini tamamlayıb.
Anar ABDULLA
Azpost.info