İran ABŞ-ın nüvə sazişi təklifini rədd etməyə hazırlaşır

İran
İran

Tehran: Uran zənginləşdirilməsi və sanksiyaların ləğvi məsələləri qeyri-müəyyəndir.

İran, ABŞ-ın təqdim etdiyi nüvə sazişi təklifini rədd etməyə hazırlaşır. AzPost bildirir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli iranlı diplomata istinadən məlumat yayıb.

Xəbərə görə, Omanın vasitəçiliyi ilə təqdim olunan təklifin detalları İran Xarici İşlər Nazirliyinə çatdırılıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın təklif etdiyi şərtlər Tehranı qane etmir. Xüsusilə, təklifdə İran ərazisində uranın zənginləşdirilməsi ilə bağlı Vaşinqtonun mövqeyində heç bir dəyişiklik nəzərdə tutulmur.

Diplomatik mənbələr həmçinin vurğulayıb ki, təklifdə sanksiyaların tam və ya mərhələli ləğvinə dair konkret mexanizmlər yer almır. Bu isə İran tərəfinin əsas tələblərindən biri olaraq qalır.

Buna baxmayaraq, İran tərəfi bəyan edib ki, zənginləşdirmə səviyyəsinin azaldılması və nüvə fəaliyyətlərinə beynəlxalq nəzarətin artırılması kimi məsələləri müəyyən şərtlərlə nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqlarının beş raundu keçirilib. Sonuncu görüş mayın iyirmi üçünə Romada baş tutub. Hər iki tərəf danışıqlarda irəliləyişə ümid etsə də, beşinci raund öncəsi yaranan fikir ayrılıqları danışıqlara mənfi təsir göstərib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.