“İran Azərbaycan xalqından üzr istəmək əvəzinə özündən şou düzəldir” –Şeyx Əbdül Mahmudbəyov

“Erməni-fars ideoloqları yenə də suyu bulandırmağa və Azərbaycana qarşı məkrli oyunlar oynamağa başlayıblar. Onların hansı məqsədə xidmət etdikləri Azərbaycan xalqına yaxşı məlumdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı beynəlxalq məsələ kimi dünyanın diqqətindədir:

“Bu, ölüm-dirim məsələsidir. O boyda terror aktı törədilib, İran Azərbaycan xalqından üzr istəmək əvəzinə özündən şou düzəldir. Mən hər zaman demişəm ki, ermənilər və farslar eyni ideologiyaya xidmət edirlər.

Mən rejissoram, yayılmış kadrlara dəfələrlə baxmışam. Səfirliyimizə edilən silahlı hücum açıq şəkildə əvvəlcədən planlaşdırılmış terror aktıdır. Bu terror aktının arxasında da İranın böyük məqsədləri yatır”.

Şeyx Əbdül Azərbaycana qarşı xaricdən söyüşlə kampaniya aparan düşmənlərə də cavab verib:

“Xaricdəki provokator-düşmənlərdən olan Tural Sadıqlı və Orxan Məmmədov səfirliyin şəhid olan əməkdaşının ruhunu aşağılayaraq, İran molla rejiminin təlimatları ilə çıxış etməyə başlayıblar. Xaricdəki həmin bloqerlər erməni-fars mənafeyinə xidmət edən məxluqlardır. Mən onlara müraciət edirəm: İranın təlimatları ilə Azərbaycana qarşı olan çirkin əməllərinizə son qoyun! Bu adamların satqın olduqlarına Azərbaycan xalqının zərrə qədər şübhəsi yoxdur. Onlar xalqımızın nifrətini qazanıblar”.

Əvvəlki məqalə

Dəmir yolu nəqliyyatında da qiymət artırılacaq?

Sonrakı məqalə

Ölkədə nikah və doğum sayı 10 faiz artıb