İran dünyaya çağırış etdi:ABŞ-ın sanksiyalarına qoşulmayın

İran ABŞ-ın sanksiya kampaniyasına qarşı digər dövlətlərə müraciət edib.

Azpost.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyi dünya ölkələrini ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi məhdudiyyətlərə qoşulmamağa və Amerika sanksiyalarının icrasına yardım etməməyə çağırıb.

İran XİN-in yaydığı bəyanatda ABŞ sanksiyalarının hüquqi əsasının olmadığı bildirilir.

Tehran hesab edir ki, digər dövlətlərin Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərə qoşulması faktiki olaraq ABŞ-ın siyasətinə dəstək vermək deməkdir.

İran tərəfi müstəqil dövlətləri ABŞ-ın tətbiq etdiyi tədbirlərin nəticələrini tanımamağa və bu sanksiyaların həyata keçirilməsinə kömək etməməyə çağırıb.

İran XİN-in mövqeyinə görə, ABŞ-ın məhdudiyyətləri BMT Nizamnaməsinə və beynəlxalq hüququn normalarına ziddir.

Tehran həmçinin ABŞ-ın iqtisadi təzyiq kampaniyasına qoşula biləcək ölkələrə xəbərdarlıq edib. İran Xarici İşlər Nazirliyi bildirir ki, digər dövlətlərin sanksiyalarda iştirakı Vaşinqtona öz siyasətini başqa ölkələrə diktə etmək və onların müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdırmaq imkanı verir.

Müraciət ABŞ-ın İrana təzyiqini gücləndirməsi fonunda səslənib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi təcrid siyasətinin həyata keçiriləcəyini açıqlamışdı.

Vaşinqton həmçinin xəbərdarlıq edib ki, məhdudiyyətlər təkcə İrana aid olmayacaq. Tehranla əməkdaşlığı davam etdirən xarici maliyyə qurumları, şirkətlər, hava limanları və dövlət strukturları da sanksiyalara məruz qala bilər.

İran isə ABŞ-ın bu siyasətini qəti şəkildə rədd edir.

İran XİN baş verənləri “iqtisadi müharibə” kimi qiymətləndirir və sanksiyaların milyonlarla mülki şəxsin həyatına ciddi təsir göstərə biləcəyini bildirir.

Tehran ABŞ və İsrailin təzyiqlərinə qarşı mübarizədən geri çəkilməyəcəyini də bəyan edib.

İran hakimiyyəti ölkəni ABŞ və İsrailin “kombinə edilmiş hərbi-iqtisadi hücumundan” qorumaq üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini açıqlayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.