İran İslam Respublikası özündə nüvə silahının olmadığını təmin edən saziş imzalamağa hazırdır.
AzPost xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Frans-Press agentliyinə müsahibəsində deyib.
“Biz özümüzü müdafiə edirik, bizim müdafiəmiz tamamilə qanunidir və güclüdür. Bu müdafiə təcavüzlərə cavab olaraq həyata keçirilir. Əgər təcavüz dayandırılsa, təbii ki, bizim reaksiyalarımız da dayanar”.
O bildirib ki, İran eyni məntiqlə ABŞ-la danışıqlara başladı. “Beş raund müzakirə apardıq. Altıncı raundda öz təklifimizi mümkün razılaşma üçün Amerika tərəfinə təqdim etməyi planlaşdırırdıq. Keçən raundda Amerika tərəfi bizə bir təklif vermişdi ki, bizim fikrimizcə, onun problemləri var idi və qəbulolunmaz bir təklif idi. Biz öz mövqelərimizi bildirmişdik və qarşılıqlı bir təklif təqdim etməyə hazırlaşmışdıq ki, bugünkü görüşdə təqdim edəcəkdik. Bizim fikrimizcə, bizim təklif razılaşma üçün yolu aça bilərdi”.
Əraqçı bildirib ki, İsrail nüvə məsələsində heç bir razılaşma istəmir. “Onlar danışıqlarda maraqlı deyil və diplomatiya istəmir. Nüvə danışıqları zamanı İrana qarşı həyata keçirilən təcavüz, İsrailin istənilən danışıqlara qarşı olduğunu göstərir” .
Əraqçi bildirib ki, sübuta yetirilmiş sənədlər və Trampın bəyanatları göstərir ki, İsrailin İrana hücumlarına görə ABŞ məsuliyyət daşıyır.
“İsrailin İrana qarşı təcavüzü ABŞ-ın razılığı və dəstəyi olmadan heç vaxt baş verə bilməzdi. Bizdə bölgədəki Amerika qüvvələrinin və onların bazalarının sionist rejimin hərbi hücumlarını dəstəklədiyinə dair mötəbər və sübutlu sənədlər var. Bu məsələni diqqətlə izlədik və İsrail qüvvələrinə yardım göstərildiyini sübut edən çoxsaylı dəlillərə malikik. Amma bizim sübutlarımızdan daha vacibi, ABŞ prezidentinin bəyanatlarıdır. O, dünənki tvitlərində və müsahibələrində açıq şəkildə dəstəyini ifadə edib və deyib ki, “Bu əməliyyat Amerika avadanlığı olmadan mümkün olmazdı” və “bundan sonrakı mərhələlər də olacaq.” Buna görə də, bizim fikrimizcə, ABŞ bu hücumlarda şərikdir və məsuliyyəti üzərinə götürməlidir”.
Əraqçı bildirib ki, İsrailin hücumlarına cavab olaraq diqqəti bu ölkə daxilindəki hədəflərə yönəldib: “Biz müharibənin genişlənməsini istəmirik, yalnız bu bizə məcbur edilir. Əslində biz bu müharibəni istəmirdik və nüvə proqramımızla bağlı diplomatiyanı davam etdiririk. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu cinayət və təcavüzlərin dayandırılması üçün tezliklə tədbir görəcək. İran İslam Respublikası qanuni müdafiəsini qətiyyətlə davam etdirəcək”.
Əraqçı bildirib ki, Natanz nüvə obyektinə edilən hücuma gəldikdə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorundan bu məsələ ilə bağlı fövqəladə iclasın keçirilməsini istəyib. “Bu iclas bazar ertəsi keçiriləcək və ümid edirik ki, İsrailin beynəlxalq hüququ kobud şəkildə pozaraq nüvə obyektinə hücum etməsi İdarə Heyətində qəti şəkildə pislənəcək” .