“Bu gün səhər saat 05 radələrində Azərbaycanın Tehrandakı Səfirliyində terror hadisəsi törətmiş və oğlumun qatili olan şəxs öz layiqli cəzasını aldı, edam hökmü icra olundu”.
AzPost bildirir ki, bu sözləri “Qafqazinfo”ya şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
O bildirib ki, Tehranda keçirilən edam prosesində Azərbaycan Səfirliyinin iki əməkdaşı və bizim tərəfimizdən tutulmuş vəkil də iştirak edib: “İran tərəfi edam kəndirini mənim çəkməyimi istəyirdi. Amma Azərbaycanda ölüm hökmü yoxdur və mən də Azərbaycan vətəndaşıyam deyə başqa ölkədə kimisə edam etməyə hüquqi cəhətdən ixtiyarım yoxdur. Bu baxımdan məsələ İran tərəfinə izah olundu. Prosesdə bizim vəkilimiz və İrandakı səfirliyimizin iki əməkdaşı olub. Edamı da İran hüquq-mühafizə orqanlarının əməkdaşları icra ediblər.
Səfirliyin əməkdaşları onun tam ölməsinə əmin olandan sonra oranı tərk ediblər. Təbii ki, bu, bir az bizim ağrımızı yüngülləşdirdi. Çünki bizim ailəmiz özümüzü övladımızın yanında günahkar hiss edirdik ki, onun qatili azadlıqdadır, ölməyib. Bu heç olmasa ağrılarımıza su səpdi. Qatilin edam olunması bizdə təskinlik yaratdı. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. Onun qəti mövqeyi olmasaydı, bu edam hökmü icra olunmayacaqdı. İran tərəfi məsələni uzada-uzada gedəcəkdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”