İranda həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
AzPost Musavat.com-a istinadən xəbər verir ki, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda Azərbaycandadır.
Bildirilir ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də İrandan Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
İranda məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.