Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzPost-a bildirilib.
Qeyd olunur ki, Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb.
Belə ki, mart ayının 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini – 1995-ci il təvəllüdlü Vahidov Fuad Əlimədət oğlu saxlanılmış, mart ayının 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.