İrandan gələn narkotacirlər sərhədi pozub, silahlı müqavimət göstərib

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilmiş, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olmuşdur.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılmışlar.

Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülmüşdür.

Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilmişdir.

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.