“Dünyada baş verən son hadisələr göstərdi ki, bəzən gücdən istifadə etmək lazımdır. Buna görə də İranı nüvə proqramının inkişafından imtina etməyə yalnız güc məcbur edə bilər”.
Azpost.info xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid ABŞ prezidenti Co Baydenlə Qüdsdə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran liderlərini həmvətənlərinin azad dünyada yaşamağın faydalarını görəcəyi qorxudur: “Onlar qorxurlar ki, öz vətəndaşları bizim həyat tərzimizi – azadlığı, eləcə də din azadlığını görəcəklər. Bizim həyat tərzimiz onları təhdid edir. Bu da İran rejimini nüvə proqramını inkişaf etdirməyə məcbur edir”.
Baş nazir qeyd edib ki, İran dünyada yeganə yəhudi dövlətini məhv etmək istəyir və İsrail buna imkan verməyəcək: “Sözlər onları dayandırmayacaq, diplomatiya onları dayandırmayacaq. İranı dayandıracaq yeganə şey bunu bilmələridir ki, nüvə proqramını inkişaf etdirməyə davam edərlərsə, azad dünya güc tətbiq edəcək”.
Azpost.info