Həyata keçirilən təcili tədbirlər nəticəsində İranın 13 vilayətində koronavirusa yoluxma halı azalıb.
Bu sözləri İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib. O bildirib ki, bu vilayətlərdə insanların özünü təcrid etməsi yaxşı təşkil olunmuş qaydada həyata keçirilir. İnsanların arxayın olub küçəyə çıxmasının qarşısını almaq məqsədilə Ə.Rəisi həmin vilayətlərin adını çəkməyib.
Qeyd olunub ki, bu günədək 28 milyon insan testdən keçirilib və virus daşıyıcısı olanlar dərhal karantinə alınıblar.
İranın İnvestisiya və Planlaşdırma Təşkilatının direktoru Hüseyn Əştəri bildirib ki, alimlər yeni lazer termometri yaradıblar. Bu cihaz insan bədəninin hərarətini 1 dəqiqədən də az vaxtda müəyyən etmək qabiliyyətinə malikdir. İran alimlərinin 14 gün müddətində hazırladıqları bu cihazın tezliklə kütləvi istehsalına başlanılacaq. Xəstəxanalar və aeroportlar bu cihazla təchiz ediləcək.
Bu günə olan məlumata görə İranda koronavirusa yoluxanların sayı 20 min nəfəri keçib, ölənlərin sayı isə 1450 nəfərə çatıb. Qeyd etmək lazımdır ki, xüsusi xəstəxanalarda müalicə alan 6 mindən çox adam sağalaraq evə buraxılıb(azərtac).