İranın blokadasını pozan 13 ticarət gəmisi məhv edilib –CENTCOM

ABŞ Silahlı Qüvvələri son 12 həftə ərzində İranın blokadasını pozaraq bu ölkənin limanlarına daxil olan və ya limanlardan çıxan 13 ticarət gəmisini məhv edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un açıqlamasında bildirilir ki, son 12 həftə ərzində qüvvələr İranın blokada rejimini pozan və ya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) milyardlarla dollar dəyərində olduğu bildirilən gizli ticarət şəbəkəsinə daxil olan 13 kommersiya gəmisini məhv edib.

Komandanlıq ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının ciddi şəkildə icrasını təmin etdiyini bildirib.

130 ticarət gəmisi saxlanılıb

CENTCOM-un məlumatına görə, ABŞ baş komandanının əmri ilə blokadanın yenidən tətbiq edildiyi 14 iyul tarixindən etibarən 130 kommersiya gəmisi İran limanlarına daxil olmağa və ya oradan çıxmağa cəhd göstərərkən ələ keçirilib.

Bundan əlavə, ABŞ tələblərinə tabe olmaqdan imtina edən 3 gəminin fəaliyyət qabiliyyəti sıradan çıxarılıb.

Eyni zamanda humanitar yardım daşıyan 70-dən çox kommersiya gəmisinin blokada zonasından keçməsinə icazə verilib.

Gəmilərə xəbərdarlıq

CENTCOM dənizçilərə naviqasiya ilə bağlı xəbərdarlıqları izləməyi tövsiyə edib.

Komandanlıq Oman körfəzində və Hörmüz boğazına yaxın sularda üzən gəmilərə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaq üçün VHF radio rabitəsinin 16-cı kanalından istifadə etməyi tövsiyə edib.

ABŞ tərəfinin açıqladığı bu rəqəmlər İran ətrafında dəniz nəqliyyatına nəzarətin və regionda gəmiçilik təhlükəsizliyi ilə bağlı gərginliyin yüksək olaraq qaldığını göstərir.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.