ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatının müddəti planlaşdırıldığından daha uzun çəkə bilər. Pentaqon rəhbəri Pit Heqset bölgədə yerləşdirilən ABŞ hərbçilərinin xidmət müddətini qeyri-rəsmi şəkildə uzadır və İranla qarşıdurmanın bu ilin sonuna qədər başa çatmaması ehtimalını nəzərə alır.
Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 19 gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri fəaliyyət göstərir.
Əməliyyatın uzanması hərbçilərin vəziyyətinə və hərbi texnikanın texniki xidmətinə mənfi təsir göstərir. Logistika problemləri səbəbindən hərbçilərin yaxınlarından məktub və bağlamalar alması çətinləşib, qoşunların ərzaq və digər təchizatla təminatında da problemlər yaranıb.
WSJ-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şəxsi müzakirələrdə Tehranla hərbi əməliyyatların başa çatdığını elan etmək ideyasını dəstəkləyir. Onun hesab etdiyi bildirilir ki, İrana qarşı iqtisadi təzyiqlərin davam etdirilməsi Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə çatmasına imkan verə bilər.
Buna baxmayaraq, hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisi qalır.
Münaqişənin uzanması hərbi kontingentin əvvəlcədən nəzərdə tutulandan daha uzun müddət regionda qalmasına səbəb olub. Məsələn, ABŞ ordusunun hava hücumundan müdafiə bölmələri üçün standart döyüş yerləşdirmə müddəti 9 aydan 12 aya qədər artırılıb.
“Spruance” və “Delbert D. Black” esminesləri ABŞ-ın hərbi əməliyyatının başlanmasından etibarən Yaxın Şərqdədir. Hazırda onlar dəniz blokadasında iştirak edir və ekipajları aylarla sahilə çıxmadan dənizdə qalır.
Bundan başqa, 82-ci Hava Desant Diviziyasının bəzi bölmələrinin gələn il də Yaxın Şərqdə qalması mümkündür.
WSJ mənbələrinin məlumatına görə, “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin də bölgəyə göndərilməsinə hazırlıq görülür. Gəminin döyüş növbəsinin gələn ilin yazına qədər davam edə biləcəyi bildirilir.
Beləliklə, ABŞ rəhbərliyinin münaqişəni yaxın vaxtlarda başa çatdırmaq istəyi ilə Pentaqonun regionda uzunmüddətli hərbi mövcudluğa hazırlaşması arasında fərq yaranır.