“İrşad Electronics”dən 2022-ci ildə kreditlə telefon götürmüş vətəndaş Qəmər Kərimova şirkətin ona qarşı haqsızlıq etdiyini bildirir. AzPost xəbər verir ki, onun sözlərinə görə, heç bir əsas olmadan adında 230 gün gecikmə göstərilib.
Şikayətçi deyir ki, ödənişlərində bəzən 2–3 günlük gecikmə olsa da, ümumilikdə belə böyük gecikmə heç vaxt olmayıb:
“Mənim 230 gün gecikməm ola bilməz. Buna baxmayaraq, haqsız yerə adımı borclu kimi göstəriblər. Şikayət edirəm, yenə eyni söz: ‘Sistem belə göstərir’.”
Qəmər Kərimovanın sözlərinə görə, əgər doğrudan da 230 gün gecikmə olsaydı, daim zənglər, bildirişlər və ünvanına məktublar göndərilərdi. Lakin onun belə bir halı olmayıb. Şirkətin təqdim etdiyi məlumata görə guya son ödənişi 150 gün gecikmə ilə 41 manat olub. Şikayətçi isə bunu tam absurd hesab edir:
“Mənim aylıq ödənişim 59 manat idi. Necə ola bilər ki, 150 gün gecikməyə görə cərimə ilə birlikdə son ödənişim 41 manat göstərilir? Bu, açıq-aydın yanlışlıqdır və heç kəs səbəbini araşdırmır.”
O bildirir ki, şirkət məsələni araşdırmaqdan yayınır və xətanı düzəltmək üçün heç bir addım atmır:
“Səhvlərini düzəltmək əvəzinə yalnız ‘sistem belə göstərir’ deyib məsuliyyətdən qaçırlar.”
Nəticədə şikayətçi qeyd edir ki, 2022-ci ildə etmədiyi gecikməyə görə ona indi kredit verilmir. Qəmər Kərimova bildirir ki, şirkəti məhkəməyə verəcək və məsələ ilə bağlı Mərkəzi Banka da rəsmi müraciət edəcək.