İƏT Xarici İşlər Nazirləri Şurası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyib və İran hökumətini bu hücumu hərtərəfli araşdırmağa çağırıb.
Bu barədə martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul olunmuş qətnamədə bildirilib.
57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə İƏT üzv dövlətləri bu il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırır.