İsrail hakimiyyəti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə yanvarın 30-dək Qüdsü tərk etməyi əmr edib.
AzPost “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.
Danon BMT-nin Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, agentlik 30 yanvar 2025-ci il tarixindən gec olmayaraq Qüdsdəki fəaliyyətini dayandırmağa və şəhərdə fəaliyyət göstərdiyi bütün binaları boşaltmağa borcludur.
Yardım Agentliyinin fəaliyyətinin qadağan edilməsi haqqında qanun 28 oktyabr 2024-cü ildə İsrail parlamenti (Knesset) tərəfindən səs çoxluğu ilə qəbul edilib. Onun qəbul edilməsinə səbəb qurumun “HƏMAS”la əməkdaşlıq etməsi ilə bağlı ittihamlar olub.
Qeyd edək ki, UNRWA qaçqınlara yardım göstərmək üçün 1949-cu ildə BMT Baş Assambleyası (UNGA) tərəfindən yaradılıb.
1952-ci ildə İsrail bu məsuliyyəti öz üzərinə götürənə qədər bu, ilkin olaraq İsrail daxilində yəhudi və ərəb fələstinli qaçqınları əhatə edirdi.
UNGA-nın köməkçi orqanı kimi, UNRWA-nın mandatı hər üç ildən bir vaxtaşırı yenilənməlidir. Ən son 30 iyun 2026-cı ilə qədər uzadılıb.