İsrail ordusu Qəzza şəhərinə hücuma keçib, ətraf ərazilərə nəzarət artıq qurulub.
AzPost bildirir ki, bu barədə avqustun 20-də axşam keçirilən brifinqdə İDF-nin sözçüsü briqada generalı Efi Defrin məlumat verib.
O qeyd edib ki, Qəzza şəhərində hücumlar daha da şiddətlənəcək.
Defrinin fikrincə, HƏMAS indi “döyülmüş” partizan dəstəsindən başqa bir şey deyil: “Eyni zamanda İsrail hərbçiləri Qəzza zolağında mülki əhalinin döyüş bölgəsindən təxliyəsi, habelə humanitar və tibbi yardım ala bilməsi üçün çalışır”, – deyə İDF sözçüsü qeyd edib.
Avqustun 21-də İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyəcəyi gözlənilir.
Bundan əvvəl KİV HƏMAS-ın ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun planı əsasında atəşkəs təklifini qəbul etdiyini bildirmişdi. İsrail rəhbərliyi hələlik bu təkliflə razılaşdığını rəsmən təsdiqləməyib.