Son günlərdə sosial şəbəkələrdə işsizlərin və qeyri-formal məşğul şəxslərin ayda 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə məlumatlar ciddi müzakirələrə səbəb olub. Cəmiyyət arasında əsas sual isə belədir: işləməyən vətəndaş niyə sığorta haqqı ödəməlidir?
AzPost xəbər verir ki, məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzuya münasibət bildirib. Onun sözlərinə görə, sözügedən dəyişiklik icbari tibbi sığorta sistemində sosial ədalətin qorunmasına yönəlib.
Komitə sədri izah edib ki, icbari tibbi sığorta digər sığorta növləri kimi vətəndaşın sağlamlığı ilə bağlı risklərə qarşı maliyyə təminatı yaradır:
“Biz avtomobili də, evi də icbari qaydada sığortalayırıq. Sağlamlıq isə onlardan daha vacibdir. Dünyanın bir çox ölkəsində müəyyən qrup insanlar dövlət tərəfindən sığortalanır, amma qalan şəxslər bu sistemə öz ödəmələri ilə qoşulur”.
Musa Quliyev bildirib ki, Azərbaycanda sistem tətbiq olunanda işləməyən şəxslər də dövlət hesabına sığorta olunmuşdu və bu, keçid dövrü üçün nəzərdə tutulan güzəşt idi. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra dövlət qeydiyyatında olan uşaqlar, pensiyaçılar və əlilliyi olan şəxslər istisna ediləcək, əmək potensialına malik olan şəxslər isə – formal və qeyri-formal işləməsindən asılı olmayaraq – icbari tibbi sığortaya qoşulmaq üçün ayda 16 manat ödəməli olacaqlar.
Deputat vurğulayıb ki, bu ödəniş məcburi deyil:
“Kim istəyərsə, ödəyərək tibbi sığorta xidmətlərindən yararlana bilər. Ödəniş etməyənlər isə sadəcə olaraq icbari tibbi sığortanın əhatə etdiyi tibbi xidmətlərdən istifadə edə bilməyəcəklər”.
O həmçinin bildirib ki, aylıq 16 manatlıq vəsait tibbi xidmətlərin real dəyəri ilə müqayisədə çox aşağıdır:
“Bu məbləğ özəl klinikalarda cəmi bir instrumental müayinə, məsələn MRT və ya USM-in dəyərinə belə bərabər deyil. Ona görə bu, həm vətəndaş üçün sərfəlidir, həm də qeyri-formal məşğulluğun qarşısının alınmasına töhfə verəcək”.
Quliyev əlavə edib ki, qanun qəbul edildikdən sonra İcbari Tibbi Sığorta Agentliyi mexanizmləri açıqlayacaq. Vətəndaşlar ya illik sığorta haqqı ödəyə, ya da aylıq ödəniş həyata keçirə biləcəklər. Sığorta kartının alınması və ya şəxsi hesabın açılması kifayət edəcək.
Hazırda formal sektorda çalışan vətəndaşlar üçün ödəniş işçi tərəfindən 2%, işəgötürən tərəfindən 2% olmaqla ümumilikdə 4% təşkil edir. Yeni qayda qüvvəyə mindikdən sonra isə əmək potensialına malik, lakin sığortasız şəxslər minimum əməkhaqqının (400 manat) 4%-i qədər — yəni ayda 16 manat ödəməklə sistemə qoşulmuş sayılacaqlar.