Yay aylarında avtomobilin içində temperaturun kritik həddə çatması elektron avadanlıqlara, plastik materiallara və qiymətli əşyalara ciddi zərər verə bilər.
AzPost xəbər verir ki, “Rossiyskaya qazeta”ya danışan avtomobil eksperti, “Rolf Avtoqarant”ın rəhbəri Aleksey Kryukov sürücülərə isti havalarda avtomobildə saxlanılması təhlükəli olan əşyalar barədə xəbərdarlıq edib.
Ekspert bildirir ki, günəş altında qısa müddətdə avtomobilin içindəki temperatur altmış-yetmiş dərəcəyə qədər yüksələ bilər. Bu isə telefon, planşet və enerji bankı kimi litium-ion batareyalı cihazların funksionallığını itirməsinə, hətta partlayış və yanğın riskinə səbəb ola bilər.
Xüsusilə ön şüşənin altı, avtomobilin ən isti nöqtəsi hesab olunur. Buraya qoyulan plastik və ya elektron əşyalar daha sürətlə qızır və zədələnir. Plastik materiallar əriyə, elektron ekranlar isə istilik səbəbindən sıradan çıxa bilər.
Eyni zamanda, Kryukov siqaret alışqanına taxılmış şarj cihazlarının avtomobildə saxlanılmamasını tövsiyə edir. Yüksək temperatur bu cihazlarda plastik deformasiyasına və qısaqapanmaya səbəb ola bilər. Mühərrik söndürüldükdə şarj cihazının qoşulu qalması isə avtomobilin elektrik sistemində əlavə yük yaradır.
Bununla yanaşı, aerozol qutuları, partlayıcı maddələr, ətriyyat və digər istiliyə həssas əşyaların avtomobildə saxlanılması təhlükə doğura bilər. Bəzən cihaz toxunuşda sərin hiss edilsə də, onun daxilindəki temperatur real təhlükə yarada bilər.
Problemlərin qarşısını almaq üçün mütəxəssislər bu əşyaların ya özünüzlə götürülməsini, ya da baqajda və ya kölgəli yerlərdə saxlanılmasını tövsiyə edir. Eyni zamanda avtomobildə istiliyin qarşısını almaq üçün termal örtüklərdən və ya günəşlik pərdələrdən istifadə etmək faydalı sayılır.