Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilib.
Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondundan bildirilib.
Qeyd olunub ki, 1928-ci ildə çəkilmiş filmin kino lenti bu günə gəlib çatmayıb. Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırmalar aparıb. Foto və videokadrların müqayisəsi zamanı, həmçinin kino lentinin texniki xüsusiyyətləri fondun mütəxəssislərində tam əminlik yaranıb ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod bugünədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud olmayan “Hacı Qara” filminə aiddir.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ssenari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir. Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.