“1985-1997-ci illər Azərbaycan publisistikası zamanın reallığını ən düzgün, ört-basdırsız, olduğu kimi, səmimi və səlnamələr şəklində əks etdirərək dövrün mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, başda Birinci Qarabağ Müharibəsi (1988-1994) olmaqla vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi vardır, hisslər və sözlər həm ağıl, həm emosiya, həm də pafosla ifadə olunur”.
Bu sözləri yaxınlarda “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı işıq üzü görən, Türkiyənin paytaxtı Ankarada TRT “Türkiyənin səsi” radiosunun əməkdaşı – aparıcı və tərcüməçi Sevda Mirzə (Mirzəyeva) deyib.
Dövrün publisistikası yalnız bu monoqrafiyada – magistr diplom müdafiəsi elmi işində yazılanlardan ibarət deyil.
O zamanın mənzərəsinin 60-70 faizinə bir baxış, bir təəssürat olan bu kitabda Kütləvi İnformasiya Vasitələrinin (KİV) bütün sahələrində – qəzet, jurnal, radio və televiziyada publisist çıxışları ilə yaddaşlarda dərin izlər buraxan adların kiçik bir hissəsi yer alır. Bu tədqiqat əsəri dövrün publisitikasının ümumi mənzərəsini göz önünə sərir.
1985-1997-ci illərin ən fəal, ən oxunaqlı və əllərdə gəzən qəzet və jurnalları əsasında işlənən bu monoqrafiya kiçik fəsillərə ayrılır”.
Qeyd edək ki, “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu (1991-1997) olmuş Sevda Mirzəyevanın magistr diplom müdafiəsi elmi işidir. Elmi rəhbəri professor və şair Famil Mehdi (1934-2003) olub.
Qeyd edək ki, kitab Ankarada çap olunub.