Avropa çempionumuz “patı”nın qurbanı olub –Allahyar Abışov qəflətən dünyasını dəyişib

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov 26 yaşında qəflətən dünyasını dəyişib.

İdmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb: “Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.

Azərbaycan Ağır Atletika Federasiyasından idmançının ölümü ilə bağlı açıqlama verilib. Federasiyanın mətbuat katibi Kənan Məstəliyev  Report-a açıqlamasında idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib. O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib: “Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur. Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik”.  (Sportfm.az)

Qeyd edək ki, Allahyar Abışov 2015-ci ildə gənclərin Avropa çempionatında 62 kq çəki dərəcəsində Avropa çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalist Sevda Mirzənin Türkiyədə kitabı çap olunub –

Sonrakı məqalə

“Qarabağda “məcburetmə” əməliyyatını görə bilərik” –