Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş gənc ailənin üzvü olan şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər illik faiz dərəcəsi güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilsin:
“8. ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;”;
2. 3.2.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.8-ci yarımbənd əlavə edilsin:
“3.2.8. ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.”.