Jurnalistlər Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə gediblər-FOTO

Bir qrup rusiyalı və yerli jurnalist Ağdam rayonu ərazisində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini ziyarət edib.

Jurnalistlər Birgə Mərkəzin iş fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd edək ki, Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı yanvarın 30-da olub. Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir. Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq Mərkəzində həm Türkiyə, həm də Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.

Monitorinq mərkəzinin Türkiyədən olan şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyadan olan şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 169 nəfər COVID-19-dan sağalıb –

Sonrakı məqalə

Sumqayıtın mərkəzi küçələrindən birinə Polad Həşimovun adı verilib –