“Jurnalistlər Binası”nı tikən şirkət direktoru oxuyub-yazmaq bilmədiyini deyib –MƏHKƏMƏ

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Azpost.info APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən Namiq Hacıyev ifadə verib.

N.Hacıyev ifadəsində özünü verilən ittihamla günahkar hesab etmədiyini bildirərək layihə əsasında ona verilən göstərişləri yerinə yetirdiyini deyib: “Layihə sənədlərinə uyğun olaraq işimi icra etmişəm. Tikinti zamanı bir dəfə belə bir hal oldu ki, iki blok üçün beton verilməmişdi. Bununla bağlı sifarişçiyə məktub yazdıq. Ordan dedilər ki, onu əvəzləmək üçün parket əvəzinə laminatdan istifadə ediləcək. Bununla da beton və armatur çatışmazlığı həll olunacaq.

Bundan başqa, bir dəfə də binada pəncərə altlarına mərmər vurulmalı idi. Ustalar dedi ki, mərmər orada sınıb-töküləcək. Sonra pəncərə altlarına plastik vuruldu. Həmin mərməri isə liftlərin yanına vurduq. Yəni yeyinti olmadı”.

Vəkilin “Vüqar Səfərli ilə əlbir olmusunuzmu” sualına təqsirləndirilən şəxs “Mən o səviyyədə adam deyildim ki, Vüqar Səfərli ilə görüşüm”, – deyə cavab verib.

Prosesdə hakim Azər Paşayev təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadə ilə hazırkı ifadəsi arasında ziddiyyət olduğunu bildirib.

N. Hacıyevin istintaq zamanı verdiyi ifadədə bəzi işlərin görülməməsi kimi hallara yol verildiyi əksini tapıb.

Təqsirləndirilən şəxs ibtidai istintaqa ifadəsində döşəməyə parket əvəzinə laminat vurulması barədə Nadir Məmmədov və Ədalət Vəliyevin göstərişi olduğunu qeyd edib.

Prosesdə daha sonra təqsirləndirilən şəxs “Portos” MMC-nin direktoru olmuş Ədalət Vəliyev ifadə verib.

KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlini yalnız televiziyada gördüyünü deyən Ə. Vəliyev bildirib ki, onu vəzifəyə təsisçi təyin edib, “Portos” MMM-də direktor olmasından isə özünün iki ay sonra xəbəri olub: “Mən nə işə getmişəm, nə binaya. Mən, sadəcə, şirkətin mühasibinin verdiyi sənədlərə qol çəkmişəm. Heç oxuyub-yaza da bilmirəm. Ona görə bilmirdim həmin sənədlərdə nə yazılıb. Guya məni işə götürüblər. İki ay sonra bildim ki, direktor olmuşam. Sadəcə, səhlənkarlıq edib inanmışam. İşlədiyim müddət ərzində də cəmi iki aylıq 1002 manat pul almışam”.

Daha sonra hakim sual vermək üçün barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədova söz verib.

Nadir Məmmədovla Ədalət Vəliyevin üzləşməsi zamanı məhkəmədə mübahisə yaranıb. N. Məmmədovun “İşə düzələn zaman səni “Asan Xidmət”ə kim aparıb” sualına Ədalət Vəliyev “Siz aparmısız”, – deyə cavab verib.

Bu cavabdan sonra Nadir Vəliyevin əsəblərini cilovlaya bilməyib: “Yalan deyirsən, sən mənimlə gedə bilməzdin. Vicdanın olsun! Sənə göstəriş verən adam mənimlə danışmamağı tapşırmışdı. Sən 32 milyonu hardan alıb ödəmisən? Yekə adamsan, kimsə o pulu sənə verib sən də ödəmisən. 63 yaşım var mənim, 8 aydır həbsdəyəm. Mən ölürəm artıq”.

Ədalət Vəliyev isə ziyan əvəzinə 1 milyon manat və 35 milyonluq əmlak verdiyini deyib.

Vəkillərin “Həmin əmlak səndə hardan idi, əmlak harda yerləşir” suallarına isə Ə. Vəliyev cavab verə bilməyib.

Proses noyabrın 12-də davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mixeil Saakaşvili aclıq aksiyasını dayandırır –

Sonrakı məqalə

Salyanın baş memarına cinayət işi açılıb